
2008/2009 mövsümü öncəsi Messi 19 nömrəli makasını, “Milan”a keçən Ronaldinyonun 10 nömrəsinə dəyişdi. Leo həmin mövsüm möhtəşəm çıxış etdi: “Barsa”yla Primera və İspaniya kuboku, habelə Çempionlar Liqasını uddu. Çempionatda keçirdiyi 31 oyunda 23 qola imza atan vunderkind, 12 məhsuldar ötürmə etməyi də bacardı. Elə El Klassikoda da öz sözünü deməyi bacardı: “Nou Kamp”da komandasının 2:0 hesablı qələbəsində 1 qola sevinən Lionel, səfərdəki 6:2 hesablı qələbdə dubla imza atdı.
İspaniya Kubokunun finalında “Mestalya”da 4:1 hesablı qələbəyə də tövhəsini verən argentinalı komandasının sonuncu qoluna imza atdı. 2009-cu il mayın 27-də Çempionlar Liqasının finalında “Barselona” “Mançester Yunayted”i 2:0 məğlub etdi və qəhrəmanımız bu oyunda da sözünü dedi: həmin mövsüm ÇL-in son qoluna məhz Messi atdı. Elə ÇL-in bombardiri adı da argentinalı ulduza nəsib oldu. Turnir ərzində o, 9 qola imza atdı. Bu uğurlar onun UEFA-nın versiyasına görə Avropa klub futbolunun, habelə ÇL-in ən yaxşısı adını qazanmasına səbəb oldu. Bu da 2008/2009-da Leonun son uğuru olmadı. “France Football”-ın versiyasına görə, yarımmüdafiəçi “Qızıl Top”, FİFA-nın versiyasına görə isə “Brilyant Top”a layiq görüldü. 2009/2010 mövsümünün əvvəlində “Barselona” Messiylə yeni müqavilə imzaladı. 22 yaşlı futbolçu sevimli klubuna rəsmən 2016-cı ilə qədər bağlandı. Mövsümün başlanğıcındaca “Barsa” UEFA Superkuboku və İspaniya Suerkubokunu qazandı. İspaniya Kubokunun sahibi “Atletik”i hər iki görüşdə (səfərdə 2:1 və evdə 3:0) məğlub edən “Barsa”nın doğma “divarlar arası”nda keçirdiyi görüşdə Messi dubla imza atdı.
Bundan bir neçə gün sonra “Şaxtyor”a qarşı keçirilən UEFA Superkuboku qarşılaşmasında da Messi qələbəyə tövhə verdi. Məhz onun ötürməsindən sonra “Barsa” görüşdə yegənə qolunu vurdu.
2009-cu ilin dekabrın 1-də Messi “Qızıl Top”a layiq görülərkən bir ilkə imza atdı. Dünyanın 96 ölkəsindən olan jurnalistlərin iştirak etdiyi sorğuda o, 480 maksimal mümkün xaldan 473-nü topladı və 2-ci yerin sahibi Kriştianu Ronaldonu rekord – 240 xal fərqi ilə qabaqladı. Abu-Dabidə düzənlənən klublararsı dünya çempionatında “Barsa”nın uğurunda Messinin rolu olduqca böyük idi. Meksika “Atlanta”sı ilə yarımfinal görüşündə həlledici qola imza ataraq, komandasını finala daşıyan Leo, finalda Argentina “Estudiantes”i ilə əlavə vaxtın son dəqiqələrində sinəsi ilə qələbə topunu vurmağı bacardı. Finalın ən yaxşı oyunçusu adını qazanan argentinalı, turnirin yekununa görə də analoji mükafata layiq görüldü.
Dekabrın 21-də Lionel Messi rəsmən 2009-cu ildə dünyanın ən yaxşı futbolçusu adını qazandı. FİFA-nın fərdi mükafatların təqdim olunmasına həsr etdiyi qala-konsertdə, Leo Kriştianu Ronaldu, Xavi, Kaka və İnyestanı xeyli qabaqlayaraq, “Brilyant Top”a layiq görülmüş ilk argentinalı oldu. Bu, fantastik keçirilmiş mövsümün məntiqi nəticəsi idi. 2009-cu ildə Messi klubu ilə 6 titul qazandı. Fərdi mükafatlar sarıdan da, o, ən nüfuzlularına sahib çıxdı: “Qızıl Top”, Çempionlar Liqasınını ən yaxşı hücumçusu və oyunçusu, klublararası dünya çempionatının ən yaxşı futbolçusu. 2010-cu il yanvarın 10-da İspaniya çempionatı çərçivəsində “Tenerife”yə qarşı görüşdə Messi mövsümdə ilk het-trikinə imza atdı. Ümumilikdə isə bu, futbolçunun “Barsa” karyerasında 3-cü belə hal idi.
Bundan cəmi 6 gün sonra “Sevilya”ya qarşı görüşdə Lionel “göy-qırmızı” formada 100-cü qoluna imza atdı. Bu, “Barsa” formasında Messinin 188-ci oyununda baş tutdu. Xüsusilə vurğulanası məqam isə 100 qol vuran Messinin “Barsa” tarixinin ən gənc oyunçu olmasıdır. Həmin vaxt Lionel 22 yaş 6 ay və 22 günlük idi.
2010-cu il aprelin 6-da Çempionlar Liqasının təkrar qarşılaşması çərçivəsində “Arsenal”la oyunda Messi pokerə imza atdı.
(Ardı var)
|